DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Dailykarabakh-a verilən məlumata görə, bunu 24-25 oktyabr tarixlərində Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.

Görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

A.Alfano E.Məmmədyarovun konfransda iştirakını yüksək qiymətləndirib və buna görə təşəkkür edib. O, Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb, həmçinin, dünyəvi və mötədil ölkə olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən E.Məmmədyarov İtaliyanın ölkəmizin Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu diqqətə çatdırıb.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd ediblər. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.

Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı məmnunluqla qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib. O, Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi, dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

A.Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, italiyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıb. E.Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini vurğulayıb.

E.Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ