DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezidentin köməkçisi: “Ermənistan və havadarlarının təxribatlarına baxmayaraq, Azərbaycan sülh xəttindən çəkilmir”

“Bu gün dövlətlərin heç də hamısı müstəqil xarici siyasət aparmağa qadir deyil. Məsələn, erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil. Danışıqlar aparılır, müəyyən tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda təmsil olunur. Ancaq son nəticədə atılan addımlar Ermənistanın müstəqil qərarlar qəbul edə bilmədiyini göstərir. Ermənistan direktivləri kənardan alır”.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycan diplomatiyasının 25 ildə əldə etdiyi uğurlar barədə analitik məqaləsində deyilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan N. Məmmədov qeyd edib ki, prezident İlham Əliyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsini vacib şərt kimi irəli sürür: “Bu tezis indiki mərhələdə dünya siyasətində müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət kəsb edir. Belə ki, ən mürəkkəb situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət göstərir. Ermənistan və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, Azərbaycan sülh və barış xəttindən çəkilmir”.

N. Məmmədov bildirib ki, digər vəzifə müasir dövrdə böyük əhəmiyyət daşıyan geosiyasi təhlükələri neytrallaşdırmaq üsulu ilə bağlıdır: “Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil. Bu, həyata keçirilən dərindən düşünülmüş daxili siyasət sayəsində mümkün olub. Lakin xarici mühitdə olan təhlükə mənbələri hələ də var və onlar azalmaq bilmir. Bu təhlükə mənbələrini zərərsizləşdirmək üçün düzgün siyasət yeritmək və zəruri tədbirlər görmək tələb olunur. Bu isə yaranmış vəziyyətə sistemli yanaşmağı, ağıl və intellektin imkanlarından maksimum dərəcədə yararlanmağı nəzərdə tutur. Azərbaycan diplomatiyası təhlükəli situasiyalarda, qeyri-müəyyənliklərin hökm sürdüyü vəziyyətlərdə səmərəli fəaliyyət sistemini formalaşdırıb və həmin istiqamətdə fəaliyyətini davam etdirməkdədir”.

XƏBƏRİ PAYLAŞ