DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Milli Məclis azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib

Milli Məclis azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Trend-in məlumatına görə, bəyanatı Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.

Bəyanatda qeyd olunur ki, 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.

O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “Böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir.

Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvanda və Göyçədə və digər bölgələrdə davam etdirilib. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub.

Bəyanatda beynəlxalq təşkilatlara, dünya ölkələrinə və dünya ölkələrinin parlamentlərinə müraciət olunur ki, erməni şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətləri tanısınlar, gələcəkdə soyqırımların baş vermənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməsinə köməklik göstərsinlər.

XƏBƏRİ PAYLAŞ