DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Azərbaycan və Ermənistan yol xəritəsi ilə bağlı razılaşdılar..."

Mövqeyimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Minsk Qrupunun həmsədr ölkəsi kimi biz çalışırıq ki, bu uzunmüddətli münaqişə həllini tapsın. Dailykarabakh saytının məlumatına görə, bunu APA-ya müsahibəsində Fransanın Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Paskal Mönye deyib.

Paskal Mönye bildirib ki, həmsədrlər 20 ildən çoxdur ki, münaqişənin həlli üçün çalışırlar: "Əlbəttə, onlar hər zaman eyni insanlar olmayıblar. Bütün dövrlərdə çalışan yalnız Anjey Kaspşik olub. Zənnimcə, hər iki tərəf kompromis elementlərini bilir. Məsələ bəzi ərazilərdən qoşunların çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlıdır. Çətin olan məsələ hər iki tərəf üçün qaneedici yol xəritəsi tapmaq və onu həyata keçirməkdir. Düşünürəm ki, Minsk Qrupunun əsas rolu yol xəritəsinin həyata keçirilməsi üçün şərait yaradılmasıdır. 2014-cü ilin oktyabrında Fransada keçirilən sammitdən sonra bizim ümidlərimiz artmışdı. Çünki hər iki prezident onlar üçün qəbuledilən sayılan yol xəritəsi ilə bağlı razılaşdılar, lakin gərginlik yenə artdı. Gərginlik olduğu halda isə yol xəritəsini həyata keçirmək mümkün olmur. Ən vacib məqam etimad yaratmaqdır. Beləliklə, Minsk Qrupunun rolu kompromis elementlərini bir araya gətirməkdir. Ümid edirəm ki, onlar buna müvəffəq olacaqlar".

Fransalı diplomat qeyd edib ki, münaqişə və gərginlik olanda ən pis hal danışıqlar aparmamaqdır: "Əgər danışıqlar aparılmasa, istənilən hərəkət yanlış anlaşıla bilər. Ona görə düşünürəm ki, cəbhə xəttində və təmas xəttində vəziyyət nə olursa olsun, həmsədrlərin gəlib insanlarla görüşməsi, dialoqu bərpa etməyə çalışması müsbət haldır. Lakin nəticədə onlar vasitəçilərdir, hər iki tərəfi dinləyərək qarşılıqlı güzəştə hazırlayırlar. Nəticə isə tərəflərdən asılıdır. Biz etimad quruculuğu barəsində ideyalar səsləndirmişik, Qırmızı Xaç Komitəsinin rolunu vurğulamışıq, çünki münaqişə nəticəsində insanların yaxınlarından xəbər almaları vacibdir. Bundan başqa, bizim prezident tərəfindən konkret təkliflər səsləndirilib. Bizim prezident onun üzərində çox çalışıb. Ona görə bundan sonrakı proses tərəflərdən asılıdır. Onlar yol xəritəsi üzrə razılığa gəlməlidirlər. Biz qərarverici deyilik. Həmsədrlər institutu Ermənistan və Azərbaycana sanksiya tətbiq edə bilməz. Minsk Qrupu peşəkar diplomatlardan ibarətdir. Son nəticədə isə qərarı tərəflər qəbul edəcək".

XƏBƏRİ PAYLAŞ